AFFA Azərbaycan millisinə baş məşqçi axtarışını yekunlaşdırmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, Türkiyənin "Milliyyet" nəşri AFFA rəhbərliyinin sabiq çalışdırıcı Robert Prosineçki ilə anlaşdığını iddia edib.
Kayseri klubunun maddi cəhətdən durumunun yaxşı olmaması xorvatiyalı mütəxəssisin ayrılmaq qərarını qətiləşdirdiyi bildirilir. Prosineçki hazırkı durumda "Kayserispor"la uğur qazana bilməyəcəyini başa düşür. Həmçinin maliyyə problemi ilə üzləşən Super Liqa təmsilçisi də onun gedişinə mane olmayacaq.
Hələ ötən ilin oktyabrında Prosineçki ilə ilk təması quran AFFA rəhbərliyinin budəfəki təklifi çalışdırıcının ürəyincə olub. 51 yaşlı mütəxəssis Türkiyədə mövsüm bitdikdən sonra Bakıya gəlməyi müsbət cavablandırıb.
AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Firuz Abdulla isə saytımıza açıqlamasında iddiaları əsassız adlandırıb: "Milliyyet" həmin xəbəri Azərbaycan mətbuatına istinadən yayıb. Yanlış informasiyadır. AFFA Prosineçki ilə danışıq aparmır".
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.