“Çox sayda şəxslər futboldan ömürlük uzaqlaşdırıldı. Ancaq burada kənar adamlar da var. Onlarla bağlı məsələlərlə müvafiq orqanlar məşğul olur. Klublarımızda işləyən bəzi nümayəndələrimizə “çox sağ ol” demək istəyirəm. Futbolçulara, bizə məxfi şəkildə məlumat verirlər”.
Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov bu günkü növbədənkənar Konfransdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Federasiya rəsmisi danışılmış oyunlarda futbolla bağlı olmayan idman növlərinin də nümayəndələrinin iştirak etdiyini bildirib:
“İki il əvvəl hesabat konfransında bu məsələləri başlatdıq. Biz onlara məxfi nömrə, mail adressi vermişdik. Bizimlə bu şəkildə əlaqə qururdular. AFFA-nın prezidenti də bildirib ki, bu məsələləri aradan qaldıracağıq. Hazırda dünya futbolunun ən böyük təhdidi danışılmış oyunlardır. Biz də aktiv fəaliyyətlə məşğul oluruq. İstintaq gedir, tam açıb deyə bilmərəm. Adlar, tanınmış insanlar olacaq. Qorxulu odur ki, digər idman növlərinin nümayəndələri də bu məsələlərdə saxlanılıb. Futbolla bağlı olmayan adamlardır. Məhdudiyyət yoxdur. Biz bu “virus”u məhv etməliyik. Digər idman növlərinin nümayəndələri futbola qarışaraq, danışılmış oyunlarda iştirak edir. Hər kəsi araşdırırıq. Milli komandaları da. Bilə-bilə şər atmaq olmaz. Bu, istintaq prosesinə əngəl olur. Sağlam tənqid qəbul edilir, ancaq yalan, süni tənqid yox. Mübarizəmizi davam etdiririk”.