Premyer Liqanın arxada qalan 14 turunda futbolçular ümumilikdə hakimlər tərəfindən 320 dəfə cəzalanıblar. Bunlardan 304-ü sarı, 16-ı qırmızı vərəqə olub.

Futbolçuların bu qədər cəzalanması çempionatın kobud xarakterli olduğunun göstəricisidirmi? 14 turda 8 komandanın futbolçularına 320 dəfə vərəqə göstərilməsi normaldırmı?

Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən Əfqan Həmzəyev cəzaların çox olmasının səbəblərini açıqlayıb:

"8 komandalı bir çempionatda bu tabloya baxarkən elə düşünmək olar ki, amansız mübarizə gedir. Komandalar çempionluq uğrunda gərgin oyunlar keçirirlər.
Amma bu, belə deyil. Adətən, vərəqələrin çoxluğu 2 amillə ölçülür. 1-cisi yuxarıda qeyd etdiyim amil. İkincisi isə komandaların və çempionatın səviyyəsinin azlığıdır. Birinci amil bizə aid deyil, çünki çempionatın əvvəlindən qalibin bəlli olduğu bir yarışda gərgin mübarizədən danışmağa dəyməz. Demək ki, məsələ ikinci amildir. Yəni çempionatımızın səviyyəsinin aşağı olması".

Image result for əfqan həmzəyev

Sabiq FİFA referisi kobudluğa təsir edən amilləri izah edib: "Burda da 3 amil diqqəti çəkir: oyunçuların səviyyəsi, çempionatın səviyyəsi və hakimliyin səviyyəsi.

Bu amillər bu tablonu ortaya qoyur. Mübarizəsiz bir liqada bu cəzaların çox olması normaldır. Çempionatda oyunçuların və legionerlərin səviyyəsi istənilən kimi deyil.Heç nədən, boş yerə vərəqəni ancaq aşağı səviyyəli futbolçu görə bilər.

Çempionatın səviyyəsi də buna təkan verir, çünki komandalar səviyyə baxımından bir-birilərinə çox yaxındırlar. Klublar taktiki cəhətdən bir-birilərinə üstünlük qazana bilmədikdə fiziki gücə üstünlük verirlər ki, bu da çox zaman kobudluğa dönüşür. Və aşağı səviyyəli futbolçuların ifasında cərimələr qaçılmaz olur.

Hakimliyin səviyyəsi də yuxarıdakı amillərdən heç də üstün deyil. Təyinatlarda səhv, cavan referi adı altında təcrübəsizlərin oyunlara təyini, oyunların səviyyəsinə uyğun olmayan hakimlərin təlim-tədris, fiziki və psixoloji hazırlıqlarındakı boşluqlar oyunlarda problemlərin yaranmasına gətirib çıxarır. Lazım olmayan vərəqələr, epizodu doğru dəyərləndirməmək, qaydaların birmənalı tətbiq olunmaması və təcrübəsizlik cərimələrin sayının artmasına gətirib çıxarır. Diqqət etsək görərik ki, komandalar, məşqçilər və futbolçuların ən çox şikayət etdikləri amil lazım olmayan vərəqələrin verilməsidir.

Ekspert referilərin hər qayda pozuntusunda "əllərini ciblərinə atmaq" vərdişini azaltmalı olduğunu söyləyib:

"Vərəqə bir növ cəza üsuludur. FİFA-nın hakimlərə ən önəmli tövsiyələrindən biri də məhz futbolçuların cəzalanması ilə bağlıdır. Vərəqə o zaman verilməlidir ki, qayda pozuntusunun xarakteri bunu gərəkdirsin. Yəni, yüzdə yüz doğru və hamı üçün aydın olsun. Bəzən hakimlər elə epizodlara vərəqə verirlər ki, bu sadəcə gülməli və izahı olmayan olur. Sonda yuxarıda sadaladığım 3 amilin birləşməsi futbolçuların vərəqə sayına təsir edir və komandalar maddi və mənəvi cəzalara məruz qalırlar".

Sultan SoY