"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə hesabını sona qədər qoruya bilməməyiniz nədən qaynaqlandı?
- Bütün görüşlər çətin keçir. Hamı bilir ki, bütün komandalardan üstün olan yalnız "Qarabağ"dır. Futbolçuların keyfiyyəti və digər məsələlərin hamısı onlarda fərqlidir. Amma digər kollektivlər eyni səviyyədədir. 7 komandanın 7-si də Avroliqa üçün oynayır. İstəyərdim ki, vurduğum qol qələbə gətirsin. Amma qismət belə imiş. İnşallah, Növbəti görüşlərdə 3 xal qazanarıq.
- Vurduğunuz qoldan sonra əsgər salamı verdiniz. Bunu Türkiyə ordusuna dəstək üçün etdiniz?
- Biz Azərbaycan türküyük. Türkiyə ordusu hazırda əməliyyatdadır. Həm onlara görə belə etdim, həm də öz əsgərlərimiz var, cəbhə xəttində bizi qoruyurlar. Onları da düşündüm və yaxın dostum əsgərdir. Bütün əsgərlər üçün hərbi salam verdim. Allah hamısını qorusun!
- Əslində, heç-heçə pis nəticə deyil. Sadəcə 90+2-ci dəqiqədə top buraxdınız, həm də xeyli qol imkanın qaçırdınız...
- Matç bitəndən sonra oturub 5 dəqiqə düşündükdə, oyunu analiz edirsən. İmkanlarımız var idi. Amma "Sabah"ın da şansları çox idi. 2 topları qapı dirəyindən döndü. Məncə, ustalıq səviyyəsi artsaydı, ilk qoldan sonra 2-ci topu da vurmaq olardı. Həm də, Ruslanın və Sezarın zədəsi var idi. Həftə ərzində mən də xəstə halda məşq edirdim. Mənə də çətin oldu. Qol əlavə olunmuş dəiqiqədə vurulduğuna görə pis oluruq.
- Növbəti turda rəqibiniz "Qəbələ"dir...
- "Qəbələ" həqiqətən də döyüşkən, mübariz və istəkli komandadır. Nə rahatıq, nə də narahat. Sadəcə, çıxıb, öz oyunumuzu oynayıb, 3 xal qazanmaq istəyirik.(qol.az)