Azərbaycanda Ronaldinyo Futbol Akademiyasının açılışı gələn ilə təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “Qəbələ” İdman Klubunun sabiq prezidenti Tale Heydərov “Emerging Europe”də yazıb. O, akademiyanın 2020-ci ilin əvvəlində açılacağını bildirib: “Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyasının 2020-ci ilin əvvəlində açılışını səbrsizliklə gözləyirik”. 

2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ” klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır. Lakin akademiyanın açılışı müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.

“Qəbələ” İK bu ilin aprelində T.Heydərovun prezident postundan istefasının Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəyini bəyan edib. Həmin vaxt akademiyanın bu il istifadəyə verməyi planlaşdırdıqları vurğulanıb.

Qeyd edək ki, Ronaldinyonun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir. (“Report”)