“Neftçi”nin prezidenti Kamran Quliyev polisə müraciət edib.
O, sentyabrın 7-də Bakı Şəhər Baş Polis idarəsinə ərizə verərək keçmiş əməkdaşından şikayətçi olub. Klub prezidenti ərizəsində qeyd edib ki, bir müddət öncə klubun İT mütəxəssisi Kamran adlı əməkdaşı işdən çıxarıb. Həmin şəxs isə klubun veb səhifəsinin əsas idarəetmə panelini təhvil verməyib. Ona bir neçə dəfə bununla bağlı müraciət edilsə də, idarəetmə panelinin məlumatlarını verməkdən imtina edib.
Faktla bağlı araşdırma aparılır.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: “Həqiqətən belə bir hadisə baş verib. Həmin şəxs bizim klubda əvvəllər işləyib. Gedərkən isə saytın loqin və parolunu heç kimə verməyib. İndi də deyir ki, pul verin loqin və parolu verək. Bu səbəbdən də klub adından həmin adamı hüquq-mühafizə orqanlarına şikayət etmişik”.