“Neftçi”nin yarımmüdafiəçisi İqnasio HerreraAzərbaycan Premyer Liqanın 17-ci turunda “Zirə” ilə heç-heçədən (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, görüşdə gözəl qolla hesabı açan çilili futbolçu qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Paltardəyişmə otağından gec çıxdınız. Deyəsən, baş məşqçi komandanın çıxışından narazı qalıb. Tərlan Əhmədov futbolçulara iradlarını bildirdimi?
- Paltardəyişmə otağında danışlanlar komandanın daxili söhbətidir. Bu barədə açıqlama vermək istəmirəm. Belə bir məcburiyyətim də yoxdur. O ki qaldı oyuna, 90 dəqiqə vuruşduq. Rəqib qapısında təhlükəli epizodlar yaratdıq, qol da vurduq. 2 xal itirdik. Buna görə üzülürəm. Amma ruhdan düşmək olmaz. Növbəti oyun haqda fikirləşmək lazımdır.
- Uzaq məsafədən baxımlı qol vurdun. Bu barədə nə deyə bilərsən?
- Qapıçının konsentrasiyanı itirdiyini görmədim. Fikrim zərbədə idi. Bəxtimi sınadım. Top da qapıya getdi. Çox vaxt çalışıram, cinahlardan ötürmə verim, komandaya kömək edim. Bu gün belə alındı, qol vurdum. Rəqib də zəif deyil. Stabil futbol nümayiş etdirirlər. Artıq bu oyunu unudub, “Qəbələ” ilə matç barədə düşünməliyik.
- Qış fasiləsində komandaya yeni futbolçular qoşuldular. Onların çıxışı barədə nə deyə bilərsən?
- Hər bir futbolçu Azərbaycana gələndə buranın havasına, çempionatına uyğunlaşması üçün vaxt lazımdır. İstənilən futbolçu adaptasiya prosesini tez keçib, komandaya xeyir vermək istəyir. Bunu mən də yaşamışam. Yeni transferlərdən çox şey gözləyirəm. İnanıram ki, uğurlu olacaqlar.
- Uqo Barqas və Daniel Seqoviya ilə eyni vaxtda komandaya gəlmişdin. Onlar özlərini doğrultmadıqları üçün ayrıldılar, sən isə qaldın...
- Komandada 9 nömrə olmaq məsuliyyətli işdir. Bir neçə oyunda istədiyin nəticəni görməyəndə, komandada dəyişikliklər olur. Bu da normal haldır. Yadınızdadırsa, Nikolas Kanales bura gələndə ilk 2-3 oyunda bərbad oynamışdı. Buna görə hamı onu tənqid etməyə başlamışdı. Amma sonra komandanın bombardiri oldu.