"Sperantsa" ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında "Neftçi"ni dəstəkləmək üçün Moldovaya üz tutan "Forza Neftçi" azarkeş qrup artıq Kişinyovdadır.
22 nəfərdən ibarət azarkeş qrupu ölkənin paytaxtına bu gecə saat 04:00 radələrində çatıb.
Fanatlar Ukraynanın Luqansk gömrük postundan həmin bölgənin müharibə şəraitində olması səbəbindən keçə bilməyiblər. Buna görə onlar əlavə 1200 km-ə qədər yol qət etməli olublar və nəticədə getdikləri ümumi məsafə 4000 km-ə çatıb.
Hazırda "Report"un Moldova paytaxtında olan əməkdaşı bu gün "Neftçi" azarkeşlərinin məskunlaşdıqları hostelə baş çəkib. Bu zaman əməkdaşımız fanatların daha bir problemlə qarşılaşdıqlarının şahidi olub. Uzun yolun 3 nəfərin ayağında şiş əmələ gətirdiyi üzə çıxıb. Bunun üçün də onlar həkimə müraciət etməli olublar. Bütün problemlərə baxmayaraq, fanatlar sevimli komandalarını dəstəkləməyə gəldikləri üçün heç bir problemin olmadığını bildiriblər.
Azarkeş qrupunun üzvləri klub rəsmilərinin onlarla daim maraqlandıqlarını və hər şeydən razı olduqlarını da vurğulayıblar.
"Forza Neftçi" komandaya dəstək olduqdan bir gün sonra Azərbaycana qayıtmağı planlaşdırır.
Qeyd edək ki, bu gün "Zimbru" stadionunda keçiriləcək "Sperantsa" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (report)