"Bir həftə əvvəl AFFA-dan təklif gəldi. Görüşdük, müzakirə apardıq, daha sonra müsbət rəy bildirdim. Baş məşqçinin də Bakıya gəlməsini gözləyirdik. Onunla dünən görüşümüz oldu. Görüşdən sonra isə təyinatım qəbul olundu".
Bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov təyinatı barədə danışarkən deyib. O, müqaviləsinin detallarının yaxın günlərdə müəyyənləşəcəyini diqqətə çatdırıb. 49 yaşlı mütəxəssis yığmada işləməyi məşqçi karyerasında yüksəliş hesab etdiyini söyləyib. "Neftçi" ilə ölkə çempionluğunu qazanan Əsədov millidə çalışmağın hər bir məşqçi üçün şərəf olduğunu vurğulayıb: "Bundan öncə də millidə aşağı yaş qruplarında işləmişəm. Belə bir təklif gələndən sonra, məmnuniyyətlə qəbul etdim. Bu, mənim üçün şərəfdir".
Təcrübəli mütəxəssis yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki şanslarından da söz açıb: "Hamımız bilirik ki, çox güclü qrupa düşmüşük. Burada orta səviyyədən yuxarı yığmalardır. Top komanda kimi isə Xorvatiya millisini qeyd edə bilərəm. Çətin qrupdur. Amma hazırda deyə bilmərik ki, qrupda birinci yeri tutacağıq və növbəti mərhələyə çıxacağıq. Çalışıb bu qrupda təcrübə toplayıb, maksimum bacardığımız qədər xallar toplamaq istəyirik. Komanda formalaşdırmaq baxımından düşünürəm ki, güclü yığmalarla oynamaq millimiz üçün xeyirdir".
Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin digər köməkçiləri Mario Tokiç və Dmitri Kramarenkodur.