Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadənin “Qəbələ”dən “Sabah”a keçidi çoxu üçün gözlənilməz oldu. Premyer Liqanın debütantı ilə anlaşan Təmkinin addımını bəyənməyənlər az olmadı. Hətta çoxu bunu onun karyerasında geriyə addım kimi dəyərləndirir.

 Offsideplus.az xəbər verir ki,  "Komanda.az "a müsahibə verən Xəlilzadə, bu cür düşünmədiyini bildirir:

- “Qəbələ”dən “Sabah”a keçidin çoxu üçün gözlənilməz oldu. Bəs özün üçün necə? 
- Mənim özüm üçün də gözlənilməz oldu. Açığı, “Qəbələ”dən ayrılığı hələ ki, düşünmürdüm. Sadəcə, ailə vəziyyətinə görə “Sabah” mənim üçün daha sərfəli oldu. Ona görə də, belə seçim etdim.

- Ümumiyyətlə, keçid necə baş tutdu? Özünü “Sabah”da heç təsəvvür edirdin? 
- “Sabah” mənə təklif göndərdi, mən də oturub düşündüm və son qərarımı ailəyə uyğun olaraq verdim, Bakı klubuna keçdim.

- Belə xəbərlər dolaşır ki, “Sabah”da çox böyük məbləğ qazanacaqsan. “Qəbələ”də qazandığından qat-qat çox qazanacaqsan? 
- Ümumiyyətlə, bu barədə danışmağı heç vaxt sevməmişəm və indi də sevmirəm. Sadəcə, onu deyə bilərəm ki, həddindən artıq böyük məbləğ nəzərdə tutulmayıb. Hər bir futbolçu kimi normal məvacib alacam.

- Yeni klubun haqda nə fikirləşirsən? Bu komandanın ilk dövrədəki çıxışını necə dəyərləndirirsən? 
- Komanda debütant olmasına baxmayaraq, elə ilk ildən baxımlı futbol oynayır. Ümid edirəm ki, bundan da yaxşı olacaq.

- Hər bir futbolçu yeni komandaya keçəndə özü üçün də məqsədi olur. Sənin “Sabah”da əsas məqsədin nədi? 
- Mən iddialı insanam. Məqsədim olmadan yaşaya bilmərəm. Eyni zamanda, hədəflərim də həmişə böyük olub. İstəyirəm ki, komandada özümü daha da inkişaf etdirib, “Sabah”a xeyir verim. Komanda ilə yaxşı yerlərə gəlmək məqsədimdi.

- Maraqlıdı, “Qəbələ” ilə ayrılğın necə alındı? Yəni onların razılığını almaq çətin olmadı ki? 
- “Qəbələ” rəhbərliyi ilə uzun-uzadı danışdıq. Təbii ki, onlar da mənim getməyimə razı deyildilər. Lakin sonda məni başa düşdülər və yolumu kəsmək istəmədilər. Burdan “Qəbələ”nin rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, məni anlayışla qarşıladılar. Özümü bir ildi evimdəki kimi hiss etdim, futbolçu kimi də mənə hər zaman güvəndilər. Bunlar danılmaz faktlardı. Ancaq bu, futboldu da, ayrılıqlar hər zaman olur.

- Necə fikirləşirsən, yeni komandan qışdan sonra, qışa qədərkindən yaxşı çıxış edə biləcək? 
- Əlbəttə ki, edəcək. Hazırda təlim-məşq toplanışımız da başlayıb. Qışda daha da yaxşı oyun sərgiləyəcəyimizə əminəm.

- “Qəbələ”də əsas oyunçulardan hesab olunurdun. “Sabah”a keçidin karyerana necə təsir edəcək? Hər halda, “Qəbələ” kimi iddialı klubdan, Premyer Liqanın debütantına keçdin... 
- Karyeramda eniş yox, yüksəliş olacağına əminəm. Qaldı ki “Sabah”ın debütant olmasına, heç bir klub birdən-birə köklü olmur ki. Mən bunu “Zirə”də oynayarkən yaşamışam. Baxmayaraq ki, çox cavan klub idi, artıq ikinci ildə avrokuboklara vəsiqə qazanmışdıq. Əminəm ki, “Sabah”la da çox yaxşı yerlərə gələcəyik. Komandaya və gələcək planlarına inanmasaydım, təbii ki, bu komandanı seçməzdim. İnanıram ki, hər şey çox gözəl olacaq.

- “Sabah”a keçidin milli komandaya dəvət olunub-olunmamağına təsir edə bilər? 
- Niyə etməlidi ki? Milli komandaya dəvət olunmaq üçün əsas prioritet futbolçunun göstərdiyi “performans”dı. Formada olan futbolçu hər zaman milliyə çağırılır. Futbolçunun hansı klubda oynaması əsas faktor deyil. Yəni hər şey mənim göstərdiyim nəticədən asılıdı.

- Bu komandaya keçməmişdən əvvəl adın “Neftçi” ilə hallanırdı. Maraqlıdı, maddi məsələlər “Neftçi”yə keçidinə mane oldu? 
- Mənim “Neftçi” ilə heç bir telefon və üz-üzə danışığım olmayıb. Onların məni istəyib-istəmədiyini də deyə bilmərəm. Bu söz-söhbəti elə mən də mətbuatdan oxuyurdum.

- Xaricə yollanmağı, legioner həyatı yaşamağı heç planlaşdırmırsan? 
- Bəli, planlarımda legioner həyatı yaşamaq hər zaman olub. Hələ də bu planım aktualdı. Yaxşı təklif gəlsə, ölkə xaricinə yollanmağı düşünürəm.

- “Sabah” bu mövsüm medalçılar sırasına düşsə də, avrokuboklara yollana bilməyəcək. Bu mənada, bu komandada oynamaq maraqsız deyil ki? 
- Xeyr, maraqsız deyil. Bu il hazırlaşacağıq, gələn il isə sırf çempionluğa oynayacağıq. Avrokuboklara vəsiqə qazanıb gedə bilməməyimiz o demək deyil ki, Premyer Liqada iddiasız olacağıq. Əlimizdən gələnin ən yaxşısını edib, maksimum yaxşı pillədə yer alacağımıza inanıram.