İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026 Dünya Çempionatının Argentina ilə keçirilən yarımfinal oyunundakı (1:2) taktiki dəyişikliklər barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Tuxel ikinci hissədə hesab 1:0 olarkən qəbul etdiyi qərarları belə şərh edib:
"Bu mənim yaramdı. Mən bununla yaşamalıyam. Baş məşqçi olaraq qərarları mən verirəm və heç kimə mənim qədər ağır olmur. Düşünmək olar ki, başqa əvəzetmələr etsəydim, bəlkə də qalib gələrdik. Amma bunu artıq bilmək mümkün deyil.
Ən həlledici an fasilədən əvvəl qapımız önündə yaranan təhlükəli epizod idi. O vaxt düşündüm ki, davam gətirə bilməyəcəyik. Topa nəzarət edə bilmirdik, müdafiədə zəif oynayırdıq və 4-4-2 sxemində müdafiəni istədiyimiz kimi qura bilmirdik. Köməyə ehtiyacımız var idi.
Argentina dörd hücumçu ilə oynamağa başladı: iki cinah oyunçusu, iki hücumçu və Messi. Onlar meydandan "altılıq"ı çıxarıb, "onluq"u meydana buraxdılar. Mərkəz müdafiəçisinin yerinə dayaq yarımmüdafiəçisi oynadı. Bəzən 3-1-6 sxemi ilə çıxış edirdilər və bu, bizim üçün çox çətin oldu. Buna görə futbolçulara nəsə vermək istədim.
Norveçlə oyunu beş müdafiəçi ilə başa vurmuşduq. Meksika ilə qarşılaşmada da eyni sxem işləmişdi və nəticə vermişdi. Argentina isə əsasən hava ötürmələrinə üstünlük verirdi və hücumun mərkəzində dörd oyunçu var idi. Buna görə qərara gəldim ki, beş müdafiəçi ilə oynayaq və komandamı 5-3-2 sxeminə keçirdim. Oyunun strukturunu dəyişdik. Beləliklə, cinahları daha yaxşı qoruyacağımızı, mərkəzdə isə üç müdafiəçinin hava ötürmələrinə qarşı daha dayanıqlı olacağını düşündüm. Sonra 5-4-1 sxeminə keçdik.
Əlbəttə, hücumu gücləndirəcək əvəzetmələr də etmək olardı. Amma heç kim bilmir ki, nəticə necə olardı. Bəlkə də belə etsəydik, 1:2 hesabı ilə uduzardıq və yenə də tənqid olunardım: 'Norveçlə oyunda beş müdafiəçi ilə bitirmişdi, niyə indi eyni sxemi seçmədi?' Baş məşqçinin müdaxiləsinin mahiyyəti odur ki, komandaya kömək etməyə çalışırsan. Burada şəxsi eqo və ya başqa bir məqsəd yoxdur, sadəcə kömək etmək istəyirsən. Əgər oyunumuz daha sabit olsaydı və topa daha çox nəzarət edə bilsəydik, strukturu dəyişməzdim. Sadəcə hücumu gücləndirəcək əvəzetmələr edərdim" – deyə Tomas Tuxel "Reflections" sənədli filmində bildirib.


