UEFA-nın Hakimlik Komitəsinin sədri Roberto Rozetti VAR sisteminin istifadəsi ilə bağlı ciddi dəyişikliklərin ediləcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, UEFA hakimlərin meydandakı rolunu artırmaq və videotəkrar sisteminin oyuna müdaxiləsini azaltmaq niyyətindədir.
Rozetti bildirib ki, VAR sisteminin "mikroskopik vəziyyətləri" incələməsi və oyunu həddindən artıq dayandırması futbolun təbii axınına zərər vurur. Müdaxilələrin yalnız "aşkar və kobud səhvlər" zamanı edilməsi tələb olunacaq.
Roberto Rozettinin diqqətçəkən açıqlamaları:
"Biz anlayırıq ki, hazırda VAR-ın futbola təsirindən heç kim məmnun deyil. Mikroskopik vəziyyətlərdən qaçmalıyıq. Kontekst çox vacibdir. Bu, futboldur, 'PlayStation' deyil.
Meydandakı bəzi videoincələmələrin futbolla heç bir əlaqəsinin olmadığını müşahidə etdik.
Hakim oyunu idarə etməlidir. VAR yalnız tam aydın olan səhvlərə müdaxilə etməlidir."
UEFA bu addımla meydandakı baş hakimlərə yenidən tam nəzarəti qaytarmağı və oyundakı lüzumsuz fasilələrin qarşısını almağı hədəfləyir.


