Matvey Kislyakın meneceri yay transfer dönəmində oyunçunun "Beşiktaş"a keçidinin mümkün olduğunu təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, menecer Aleksandr Manyakov bildirib ki, Kislyaka xarici klublardan davamlı maraq var və hazırda İtaliya, İspaniya, Fransa və Səudiyyə Ərəbistanı klubları ilə əlaqə saxlanılır.
Bu transfer pəncərəsində Türkiyədən də konkret maraq yaranıb. Menecer İstanbulda "Beşiktaş" rəhbərliyi ilə görüşdüyünü, klubun yayda transferi reallaşdırmaq istədiyini və bu məqsədlə müxtəlif variantların müzakirə olunduğunu qeyd edib. Daha sonra "Beşiktaş" prezidenti də Moskva səfərinə çıxaraq danışıqlar aparıb.
Görüşlər müsbət keçsə də, ÇSKA hələlik Kislyakla yolları ayırmağa hazır deyil. Menecer klubun qərarına hörmətlə yanaşdıqlarını və oyunçunun karyerasının inkişafı üçün çalışdıqlarını vurğulayıb.


