"Beşiktaş" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Danimarkanın "Midtyulland" komandası ilə qarşılaşmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Beşiktaş"ın baş məşqçisi Vinçenzo İtaliano matçdan öncə keçirilən mətbuat konfransında açıqlamalar verib. O, yeni mövsüm hazırlıqlarını dəyərləndirərək komandanın son durumundan danışıb:
"Mövsümöncəsi təlim-məşq toplanışına necə başladığımızı bilirsiniz. Milli komanda məsələsi bizi bir az çətin vəziyyətə saldı. Kaş ki, bütün futbolçularla ilk gündən məşq edə bilsəydik. Yalnız son 10 gündə tam heyətlə çalışa bilirik. Yaxşı hazırlaşmışıq. Sabah güclü rəqibə qarşı oynayacağıq. Yaxşı oyun nümayiş etdirə biləcəyimizi düşünürəm".
Avropa kuboklarında yola davam etmək istədiklərini bildirən təcrübəli baş məşqçi hədəflərini açıqlayıb:
"Avropa turnirləri çox həyəcanlı bir səyahətdir. Ancaq Avropada oynadığınız zaman müxtəlif komandalarla qarşılaşdığınız üçün futbolun gerçəkliyi ilə üzləşirsiniz. Avrokuboklarda yolumuza davam etmək istəyirik. Turnirin adından asılı olmayaraq, Avropa səhnəsində yer almaq əsas məqsədimizdir. daxili çempionatdakı uğurun əhəmiyyətini də yaxşı dərk edirik, lakin hazırda bütün diqqətimiz sabahkı oyuna yönəlib".
"Beşiktaş" azarkeşlərinin önündə ilk oyununa çıxacağı üçün həyəcanlı olduğunu bildirən İtaliano komandanın durumuna diqqət çəkib:
"Mən və komandam çox həyəcanlıyıq. Sabah ilk rəsmi oyunumuza çıxacağıq və azarkeşlərimizlə görüşəcəyik. Bu oyun, təbii ki, çox önəmlidir, ancaq azarkeşlərimiz bunun bizim ilk matçımız olduğunu nəzərə almalıdırlar. Hələ üzərində işləməli olduğumuz çox məqam var. Fanatlarımıza güvənirəm, onlar bizim hərəkətverici qüvvəmiz olacaqlar. Uğurlu performans göstərmək niyyətindəyik".
İtaliano Türkiyə Superliqasının çətinliyinə diqqət çəkərək komandaya aşılamaq istədiyi oyun üslubundan da bəhs edib:
"Keçmişdə Türk klublarına qarşı oynamaq şansım olmuşdu. Superliqa haqqında bunu deyə bilərəm ki, həqiqətən çətin çempionatdır. Bütün oyunlara yüz faiz hazır olmalısınız. Təlim-məşq toplanışında əsasən 4-lü müdafiə xətti ilə oynadıq. Yarımüdafiədə isə ikili və üçlü sistemləri sınadıq. Taktikamızın əsasını 4-lü müdafiə təşkil edəcək və bunun üzərində özünəməxsus 'Beşiktaş' xarakteri formalaşdırmaq istəyirik".
"Beşiktaş"ın yeni transferi İlhan Fakılıdan təriflə çıxış edən İtaliano gənc futbolçu haqqında fikirlərini bölüşüb:
"Toplanış boyunca gənc futbolçularla da çalışdıq. Bəziləri əsas komandada qalacaq. Mövsüm ərzində də bizimlə məşq edənlər olacaq. Maraqlı adlar var idi. İlhan Fakılı çox yaxşı oyunçudur və performansıyla beni həqiqətən təəccübləndirdi. Yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərdi. Gənc və inkişafa açıq futbolçudur. Əlbəttə, təkmilləşdirməli olduğu məqamlar var: topsuz oyunda daha fəal, daha sərt olmalı və komanda yoldaşları ilə əlaqəni gücləndirməlidir. Lakin keyfiyyətli oyunçudur və buna görə də heyətdədir. Bizi vacib töhfələr verəcəyinə inanıram".
Mütəxəssis transfer fəaliyyətinə də toxunub:
"Bura gəldiyim gündən mükəmməl mühitlə qarşılaşmışam. Hər kəs 'Beşiktaş'ın uğuru üçün var gücü ilə çalışır. Baza şəraitimiz əladır. Transfer pəncərəsi davam edir, aramıza yeni qatılacaq adlar olacaq və bu istiqamətdə işlər sürətlə gedir. Sabahkı matçın gəlməsini səbirsizliklə gözləyirəm. Şimal komandaları fiziki cəhətdən çox güclü olurlar. Avropada asan rəqib yoxdur..."


