AFFA-nın təşkil etdiyi “Region Liqası”nın son turunun 4 oyununda hakimlər təhqirə məruz qalıblar.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi analoji davranışa yol verən şəxslərlə bağlı ölçü götürüb. “Ağsu Sity” ilə səfər matçının ilk hissəsi bitdikdən sonra Saatlı “Araz”ının məşqçisi Şahmar Abdullayev hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.

“Kürdəmir”lə görüşünün 75-ci dəqiqəsində "Gənclik" komandasının futbolçusu Səxavət Hacıyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəza alıb. “Göyəzən”lə səfər qarşılaşamasının 82-ci dəqiqəsində anoloji davranışa yol verən qonaqların oyunçusu Kamran Lalayev də “qırmızı” aldığı üçün eyni cəza ilə üzləşib.

“Oğuz”un futbolçusu Elmir Cəfərov isə “Kürmük”lə səfər matçının 88-ci dəqiqəsində hakimlərə qarşı nalayiq ifadələr işlətdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib.

Qeyd edək ki, “Səbail” klubunun futbolçusu Eltun Yaqublu Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi” ilə oyundan sonra hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb.