Daha bir futbol ulduzu karyerasını yekunlaşdırır.
Offsideplus.az xəbər verir ki, dünya futbolunun tanınmış simalarından olan Kolumbiya millisinin kapitanı Xames Rodriqes karyerasını bitirməyə hazırlaşır.
34 yaşlı yarımmüdafiəçinin 2026-cı il Dünya Çempionatından sonra butslarını mismardan asacağı iddia edilir.
Yayılan son məlumatlara görə, təcrübəli futbolçu hazırda formasını geyindiyi MLS təmsilçisi "Minnesota Yunayted" rəhbərliyinə qərarı ilə bağlı artıq məlumat verib. Xames qlobal turnir başa çatdıqdan sonra peşəkar futbolçu karyerasına son qoymaq niyyətində olduğunu kluba rəsmən bildirib.
Xəbərlərdə qeyd olunur ki, kolumbiyalı ulduz iyun ayında "Minnesota Yunayted"dən ayrılaraq azad agent statusu alacaq. Onun əsas məqsədi bütün diqqətini Kolumbiya millisinin Dünya Çempionatındakı çıxışına yönəltməkdir. Bu turnir onun möhtəşəm karyerasının sonuncu böyük səhnəsi olacaq.
Xatırladaq ki, "Real Madrid", "Bavariya" və "Everton" kimi nəhəng klublarda çıxış etmiş Xames Rodriqes 2014-cü il Dünya Çempionatında vurduğu qollarla dünya ulduzuna çevrilmiş və turnirin "Qızıl buts" mükafatını qazanmışdı.
Görünən odur ki, futbolçu parladığı səhnədə də futbolla vidalaşmağı seçib.



