“Ölkəmizi və bölgəmizi layiqincə təmsil edərək gücümüz çatan maksimum nəticəni göstərməyə çalışacağıq”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Turan Tovuz”un idman direktoru Səməd Nəsibov deyib.
Klub rəsmisi komandanın 32 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanması haqqında fikirlərini bölüşüb:
“Turan Tovuz”un mövsüm boyu çıxışını möhtəşəm qiymətləndirirəm. Mövsüm ərzində azarkeşlərimizdən uzaq qalmağımız bəlkə də daha yaxşı nəticə əldə etməyimizə mane oldu. Buna baxmayaraq, 32 ildən sonra yenidən qitə turnirlərinə vəsiqə qazanmaq və ilk dəfə Tovuzda avrokubok oyununun keçiriləcək olması tarixi uğurdur. Bu nəticə həm klubumuz, həm də bölgəmiz üçün böyük sevincdir.
Bu sevincə ölkəmizin qərb regionunu qitə yarışlarında təmsil etmək məsuliyyəti də əlavə olunanda, əldə olunan nəticənin əhəmiyyəti daha da yaxşı anlaşılır. Bütün bunları nəzərə alaraq, bu mövsümü çox uğurlu hesab edirik”.
Qeyd edək ki, Tovuz təmsilçisi ötən gün Misli Premyer Liqasının XXXI turunda “Karvan-Yevlax” üzərində 1:0 hesablı qələbə qazanmaqla avrokuboklara vəsiqəni təmin edib.


