Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundakı vəziyyətdən narazıdır və iyun ayında komandanı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, futbolçunun müqaviləsində 50 milyon avroluq sərbəstqalma maddəsi mövcuddur.
Onun karyerasını ABŞ liqasında (MLS) davam etdirməsi və ya Avropaya qayıtması mümkün variantlar sırasında göstərilir.
Məlumata görə, Ronaldunun narazılığı Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) “Əl-Nəsr” klubuna münasibəti ilə bağlıdır. PIF ölkənin əsas klublarına nəzarət etsə də, rəqiblərin ciddi şəkildə gücləndirildiyi, “Əl Hilal” kimi klubların böyük transferlər etdiyi bildirilir. Xüsusilə Kərim Benzemanın “Əl-Hilal”a transferi fonunda “Əl-Nəsr”in transfer bazarında yalnız iraqlı Haydər Əbdülkərimlə kifayətlənməsi Ronaldunun narazılığına səbəb olub.
Komanda hazırda Jorje Jezusun rəhbərliyi altındadır.
Onun fikrincə, PIF məqsədli şəkildə “Əl-Nəsr”in güclənməsinə mane olur ki, klub çempionluq titulunu qazanmasın. Qeyd olunur ki, komanda turnir cədvəlində liderdən cəmi bir xal geri qalır.
Bundan əlavə, Ronaldu Səudiyyə futbolunun beynəlxalq səviyyədə tanıdılmasında oynadığı rola və 2034-cü il dünya çempionatının səfiri kimi fəaliyyətinə lazımı dəyərin verilmədiyini düşünür.



