Azərbaycan əsilli İran millisinin sabiq üzvü Əli Daei DÇ-2022 üçün aldığı rəsmi dəvəti geri çevirib. 

 Offsideplus.az xəbər verir ki, əfsanəvi keçmiş futbolçu bu barədə İnstaqram hesabında paylaşım edib: "Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə ölkəmdə sizinlə birlikdə olmaq üçün həyat yoldaşım və qızlarımla mundialda iştiraka yox dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün işıqlı günlər ümidi ilə, Əli Daei".

 Qeyd edək ki, daha öncə Daeinin hicab qaydalarına riayət etmədiyinə görə polis tərəfindən qətlə yetirilən Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etdiyi və barəsində ölüm hökmü çıxarıldığı bildirilmişdi. 

Xatırladaq ki, futbolçu karyerasına 2007-ci ildə son verən Daei milli komandada 149 oyuna çıxıb, 107 qola imza atıb. İranlı sabiq oyunçu Kriştiano Ronaldonun 2021-ci ildə rekordu qırmasına qədər millidə ən çox qol vuran futbolçu ünvanına sahib idi.