İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın finalında Argentina ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis həlledici matç, rəqibin baş məşqçisi Lionel Skaloni, ulduz futbolçular Lionel Messi və Lamin Yamal barədə danışıb.
Finalın əhəmiyyəti və hazırlıq haqqında:
"Finalda oynamaq böyük imtiyazdır. İkinci olanları heç kimin xatırlamadığı barədə fikirlərlə razı deyiləm. Hər il dünya çempionatının finalında uduzmağa belə imza atardım, çünki bura qədər gəlmək özü böyük uğurdur. Skaloninin gəlişindən sonra möhtəşəm çıxış edən rəqiblə qarşılaşacağıq. Qalib gəlmək üçün oyunun xırda detallarına diqqət etməli, əzab çəkməli olduğumuz anlarda dözməliyik. Məsləhət üçün İspaniya ilə dünya çempionu olmuş Visente del Boske ilə də danışmışam".
Lionel Messi və Lionel Skaloni barədə:
"Messini hələ "Sevilya"nın aşağı yaş qruplarında işlədiyim vaxtdan tanıyıram. O vaxt ona qarşı fərdi müdafiədən istifadə etmişdik, lakin o, qapımıza 4 qol vurmuşdu. Bu oyunda ona qarşı fərdi müdafiə tətbiq etməyəcəyik. Skaloni ilə əla münasibətimiz var, bir-birimizə hörmət edirik. Argentinanın "çirkli futbol" oynadığı barədə iddialarla razı deyiləm, son dünya və Cənubi Amerika çempionuna yalnız rəğbətim var".
Lamin Yamalın son durumu:
"O, son oyunda ağrılı bir zərbə almışdı. Cümə axşamı ona istirahət verdik, lakin cümə günü komanda ilə birlikdə normal məşq etdi. Hazırda tam hazır vəziyyətdədir".


