Budapeştdə keçirilən güləş üzrə reytinq turniri davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanı üç güləşçi təmsil edib.

Qadın güləşində 65 kq çəki dərəcəsində çıxış edən Birgül Soltanova əvvəlcə Rumıniya təmsilçisi Mariya Pantirunu 13:5 hesabı ilə məğlub edib. O, daha sonra 1/4 finalda ABŞ-dan olan Riis Larramendiyə 4:6 hesabı ilə uduzub. Bürünc medal uğrunda görüşdə isə kanadalı Miki Roubottomu "tuş"la məğlub edən Soltanova fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bu, onun karyerasında reytinq turnirlərində qazandığı ilk medal olub.

68 kq çəki dərəcəsində mübarizə aparan Nigar Mirzəzadə Türkiyənin dünya çempionatının mükafatçısı, ikiqat Avropa çempionu Nesrin Başa 0:10 hesabı ilə məğlub olub.

Yunan-Roma güləşində 67 kq çəki dərəcəsində debüt edən Məhəmməd Şükürzadə isə 1/8 final mərhələsində Xorvatiya idmançısı Dominik Etlingerə 0:9 hesabı ilə uduzaraq mübarizəni erkən başa vurub.