Kişi basketbolçulardan ibarət Azərbaycanın U-20 millisinin baş məşqçisi Anar Sarıyev Avropa çempionatının (B divizionu) 9-16-cı yerlər uğrunda oyununda İsveçrə üzərində qazanılan qələbəni şərh edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis komandanın qrupda daha yaxşı nəticə göstərməyə layiq olduğunu, lakin hücumdakı bəxtsizlik ucbatından bunun reallaşmadığını bildirib. O, İsveçrə ilə matçdakı dönüşü belə izah edib:
"İsveçrə fiziki cəhətdən olduqca güclü rəqib idi və ilk hissədə müəyyən tələskənliyimiz oldu. Lakin ikinci yarıda uşaqlar toparlandılar və meydanda böyük əzm nümayiş etdirdilər. Heç kimi fərqləndirmək istəmirəm; həm start heyəti, həm də ehtiyatdan oyuna daxil olan hər bir basketbolçu maksimum gücünü ortaya qoydu və tamamilə layiq olduğumuz bir qələbə qazandıq".
Baş məşqçi növbəti hədəflər barədə də danışıb:
"Bu qələbə millimizin 9-12-ci yerlər uğrunda oynamaq şansını qoruyub saxlayır. Növbəti rəqibimiz Bosniya və Herseqovina olacaq. Rəqibi diqqətlə təhlil edib hazırlaşacağıq. Avropa çempionatında qazandığımız qələbələr təkcə oyunçuların və məşqçilərin deyil, bütün Azərbaycan basketbol ailəsinin qələbəsidir".


