ABŞ millisinin baş məşqçisi Mauritsio Poçettino DÇ-2026-nın 1/8 finalında Belçikaya 1:4 hesabı ilə uduzduqları rüsvayçı matçdan sonra komandadan kənar amilləri bəhanə etməkdən imtina edib. 

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis Folarin Baloqunun qırmızı vərəqəsinin ləğv edilməsi ətrafında yaranan qalmaqalın komandaya təsir etmədiyini bildirib:

"Bu gün kifayət qədər yaxşı deyildik, başqa bəhanə axtarmağa ehtiyac yoxdur. Turnir boyu nümayiş etdirdiyimiz oyundan uzaq idik. Hər kəs üçün bərbad bir gündür, bunu qəbul etməliyik. Dünya çempionatında ikinci şans olmur, biz mübarizəni dayandırdıq".

Gələcək taleyi ilə bağlı suallara isə Poçettino qəti cavab verməyib və federasiya ilə danışıqlardan sonra qərar veriləcəyini vurğulayıb:

"İnkişaf raket sürəti ilə olmur. Bir il əvvəl heç kim inanmazdı ki, biz dünya çempionluğuna namizəd olan Belçika ilə bərabər səviyyədə oynaya bilərik. İndi istirahət etməli, daha sonra federasiya ilə söhbətləşməliyik. Onlarla yaxşı münasibətimiz var, əgər istəsələr, yaxın həftələrdə gələcəyi müzakirə edə bilərik".