DÇ-2026-nın Fransa - Paraqvay (1:0) matçından sonra paraqvaylı senator Seleste Amarilya ilə Kilian Mbappe arasında irqçilik və təhqir ittihamları ilə zəngin qalmaqal yaşanıb.
Offsideplus.az xəbər verir ki, senator əvvəlcə fransalı hücumçunu hədəf alaraq, "Fransız kimi davranan təkəbbürlü kamerunlu, heç yazmağı da bacarmır. Təəssüf ki, oyundan sonra kimsə ona şillə vurmadı" sözlərini paylaşıb.
Mbappe isə senatora sərt cavab verib: "Siz vəzifəsinə layiq olmayan iyrənc bir qadınsınız. Sizin irqçiliyiniz ucbatından dünya artıq oyunçularınızın meydandakı əziyyətini unutdu".
S.Amarilya Mbappenin bu cavabından sonra paylaşımını silib və futbolçudan üzr tələb edərək onu məhkəmə ilə hədələyib:
"Postu emosiyalar altında, paraqvaylı oyunçuları ələ salmağınıza dözməyərək yazmışdım. Səhvimi anlayıb paylaşımı sildim. İndi isə sizdən öz sözlərinizi geri götürməyinizi və məndən üzr istəməyinizi tələb edirəm. Məni tanımadan vəzifəmə layiq olmayan iyrənc qadın adlandıra bilməzsiniz. Mən xalqın səsi olan seçilmiş bir senatoram. Məni cinsimə görə aşağılayırsınız, bu, qadına qarşı siyasi zorakılıqdır. Üzr istəməsəniz, gender zorakılığı maddəsi ilə məhkəməyə müraciət edəcəm".


