DÇ-2026-nın 1/16 final mərhələsində Fil Dişi Sahili ilə qarşılaşmağa hazırlaşan Norveç millisinin baş məşqçisi Stale Solbakken komandanın ulduzu Erlinq Holand barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına qayıdan və qrup mərhələsində 4 qol vuran 25 yaşlı hücumçunu "güc mərkəzi" adlandıran Solbakken onun əsas üstünlüklərini vurğulayıb:
"O, meydanda nümunəvi liderdir. Bu fiziki gücü yəqin ki, valideynlərindən, bəlkə də daha çox anasından alıb. Holandda məşqlə qazanılması çətin olan bir xüsusiyyət – qol qoxusunu vaxtında hiss etmək qabiliyyəti var".
Baş məşqçi Norveç millisinin 90-cı illərdəki komanda ilə müqayisədə artıq yalnız fiziki gücə və standart vəziyyətlərə bel bağlamadığını, topa daha çox sahib olan və texniki futbola üstünlük verən bir kollektivə çevrildiyini bildirib.
Solbakken pley-offa yüksəlməklə turnirdəki ilkin hədəfə çatdıqlarını və indi daha da irəli getmək istədiklərini əlavə edib.


