Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın startında Avstraliyaya qarşı keçirdikləri və 0:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis məğlubiyyətə rəğmən komandasının mübarizəsindən razı qaldığını bildirib:

"Matç taktikası gözlədiyimiz kimi alınmadı. Rəqibin müdafiədə oturub əks-hücumlar gözləyəcəyini bilirdik. İki qol buraxdıq və çox məyusuq. Amma meydanda komanda ruhu var idi, futbolçular canla-başla oynadılar. Hər şeyi yoxladıq, qapıya düz 30 zərbə vurduq, sadəcə bəxt bizdən üz döndərdi. Bir qol vursaydıq, hər şey tam fərqli olacaqdı. Avstraliyanı təbrik edirəm, çox yaxşı oynadılar. Lakin bizim hələ də şansımız var və davam edirik".

Tənqidlərə toxunan Montella, oyunçularını müdafiə edib:

"Məğlub olanda ədalətsiz də olsa, bütün tənqidləri qəbul etməlisən. Kerem Aktürkoğlu sona qədər döyüşdü. Can Uzuna gəlincə, o, hücumameylli yarımmüdafiəçidir. Mən isə Arda Güleri sona qədər meydanda saxlamaq istəyirdim, Kenan Yıldız da solda oynayır, buna görə Cana yer tapa bilmədik. Bir oyun qol vura bilmədik deyə dərhal hər şeyi tənqid etmək düzgün deyil.

İkinci hissədə Mərt Müldür və Salih Özcanı rəqibin əks-hücumlarının qarşısını almaq üçün meydana buraxdıq. Arda Güler və Hakan Çalhanoğlu uzun müddət idi 90 dəqiqə oynamırdılar, onlara enerji verəcək oyunçular lazım idi. Bu futboldur, top qapıdan keçməyəndə heç nə edə bilmirsən. Qarşıda oyunlarımız var, vəziyyəti təhlil edib əlimizdən gələni edəcəyik".