"Şükürlər olsun ki, 8 ildən sonra yenidən bu uğuru təkrarladıq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin kapitanı Amil Həmzəyev Avropa çempionatına vəsiqə qazanmaqları barədə danışarkən deyib.

O, ilk olaraq təəssüratlarını bölüşüb:

"Gözəl hislərdir. Yenidən bu turnirdə iştirak etmək üçün səbirsizlənirik. Avropada ən yaxşı 12 komanda arasında olmaq qürurvericidir. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq".

- Həmzəyev oyunlardan əvvəl komandanın yaxşı hazırlıq keçməsinin onlar üçün müsbət olduğunu deyib:

"Mayın 1 və 3-ü aralığında Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışı keçdik. Hazırlığa Bakıdan 5 nəfər yollanmışdıq. Daha sonra Orxan Hacıyev və Cordon Deyvis də bizə qoşuldu. Çox yaxşı təlim keçdik. Bunun da nəticəsini Kiprdəki oyunlarda gördük. Xoşbəxtik ki, ölkəmizi yenidən Avropa çempionatında təmsil edəcəyik".

mswobjlz.isr

Təcrübəli basketbolçu yeni turnirə hazırlıq məqsədi ilə Türkiyəyə gedəcəklərini deyib:

"Bu ayın 28-də Maltada yarışımız var. 2-3 günə təlim-məşq toplanışı üçün İstanbula gedəcəyik. Məqsədimiz ölkəmizi bu yarışda yaxşı təmsil etməkdir. Avqusta isə V İslam Həmrəyliyi Oyunları start götürür. Qatıldığımız bütün turnirlərdə yaxşı nəticəyə ümid edirik".

31 yaşlı oyunçu Avropa çempionatında iştirak edəcək komandalar barədə də fikirlərini bildirib:

"Bu turnirdə iştirak edən hər bir komanda güclüdür. Amma Serbiya və Latviya daha təcrübəli yığmalardır. Latviya seçməsi keçən il Olimpiya çempionu oldu".

Amil bəy Azərbaycan basketbolunun gündən-gündə inkişaf etdiyini də vurğulayıb:

"Federasiyanın dəstəyi ilə basketbolumuz inkişaf edir. Bəzi proyektlər də var. Yeniliklər davamlı olacağı halda Azərbaycan basketbolu zirvəyə qalxa bilər".

Cavid Əliyev