Anatoli Banişevskinin doğum gününə həsr olunmuş ənənəvi futbol turniri sona çatıb.

Offsideplus.az xəbər verir ki, Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı, AFFA-nın dəstəyilə keçirilən turnirdə Bakının kənd və qəsəbələrindən ümumilikdə 8 komanda iştirak edib.

Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların məşq meydanında baş tutan final qarşılaşmasında Qobustan qəsəbəsini təmsil edən “Şıxlar” komandası rəqibi “Ələt” komandasını 4:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.

Yekunda turnirdə müvafiq yerləri tutmuş komandalara AFFA tərəfindən kubok, medallar və müxtəlif nominasiyalar üzrə hədiyyələr təqdim olunub. Kuboku “Şıxlar” komandasına AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov birlikdə təqdim edib.