Boks üzrə Azərbaycan milli komandası fevralın 20-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək kişi və qadınlar arasında “Strandja” beynəlxalq turnirində iştirak edəcək.
Offsideplus.az Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 7 gün davam edəcək ənənəvi A kateqoriyalı yarışda ölkəni 8 idmançı təmsil edəcək.
Kişilərin mübarizəsində məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə yığmanın 2 üzvü - Malik Həsənov (63,5) və Məhəmməd Abdullayev (+92 kq) qüvvəsini sınayacaq.
Qadınların yarışında isə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev 6 boksçuya şans verəcək. Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxacaq.
Turnirin hakimləri sırasında isə Emil Qurbanəliyev də yer alacaq.
Bu gün səfərə yollanan komanda fevralın 27-də Bakıya qayıdacaq.
Qeyd edək ki, sayca 74-cü dəfə təşkil olunacaq yarışda 42 ölkədən 470-dən çox boksçunun iştirakı gözlənilir.