Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Qazaxıstana 3:5 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, braziliyalı mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında sözügedən matçla bağlı bunları deyib:

“Əvvəlcədən də bura ciddi itkilərlə gəldiyimizi demişdim. Oyunun gedişində bunun fəsadlarını yaşadıq. Birinci hissədən razı qaldım. İntizamlı, taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq. Uşaqlar dediklərimi meydanda tətbiq edə bildilər. Buna görə də fasiləyə hesabda üstün yollandıq. Əvəzetmələrdən az istifadə etdiyimizə görə, əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular. Bu azmış kimi, 2 oyunçumuz zədələndi. Edurado oyunu davam etdirə bilmədi. Qalo isə zədəli olmasına rəğmən, sona qədər meydanda qaldı, bacardığı qədər kömək etdi. Hər iki futzalçının sabahkı oyunda meydana çıxacağı sual altındadır. Ramiz Çovdarovun da yüngül zədə var. Bu oyun Polşa və Yunanıstanla matça hazırlıq baxımından yaxşı sınaq oldu".

Qeyd edək ki, iki komanda arasında növbəti oyun sentybarın 20-də olacaq.