"Bu qələbə bizə ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırdı. Bütün komanda yoldaşlarımı, məşqçilər korpusumuzu və həmişə bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm".

Offsideplus.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova 2023-cü ildə Belçika, İtaliya, Estoniya və Almaniya keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaları ilə bağlı danışarkən söyləyib.

Millimizin kapitanı təsnifat mərhələsində hər iki görüşdə məğlub olduqları Sloveniya yığması ilə keçirdikləri oyunlarla bağlı da danışıb:

"Sloveniya ilə hər iki görüşümüz istədiyimiz kimi alınmadı. Həm Bakıda, həm də səfərdə məğlub olduq. Buna baxmayaraq, sonuncu və həlledici oyunda Avstriya komandasına qalib gəldik.
Biz hər zaman azarkeşlərin dəstəyini hiss edirdik və çox çalışırdıq ki, qalib gələrək onlara sevinc bəxş edək. Fanatlar hər zaman bizimlə olublar. Hər birinə təşəkkür edirəm. Komandamıza AVRO-2023-də uğurlar arzulayıram".

Qeyd edək ki, təsnifat mərhələsinin sonuncu görüşündə səfərdə Avstriyaya 3:1 hesabı ilə qalib gələn Azərbaycan millisi AVRO -2023-ün finalına vəsiqə qazanıb.