Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, D qrupunda mübarizə aparan Eldar Yusubovun komandası dünən səfərdə Avstriya yığmasının qonağı olub. Millimiz seçmə mərhələnin son matçında ev sahiblərinə 3:1 (25:14, 25:20, 23:25, 25:15) hesabı ilə qalib gəlib.

Beləliklə, bu görüşdən sonra komandamız aktivindəki xalların sayını 12-yə çatdıraraq qrup ikincisi kimi AVRO-2023-ün final mərhələsinə yüksəlib.

Qeyd edək ki, yığmamız 2005-ci ildən başlayaraq final mərhələlərinin daimi iştirakçısıdır. Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsi isə komandamız üçün 10-cu olacaq.