İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər kubokunda bu gün qrup mərhələsinin son görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında 3-cü turun 4 qarşılaşması baş tutub.

Günün ilk matçı A qrupunda “Füzuli” və “Xocavənd” komandaları arasında olub. “Xocavənd” 9:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Qarşılaşmanı fəxri qonaq qismində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev və Azərbaycan millisinin sabiq kapitanı, “Neftçi” ilə “Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Tərlan Əhmədov izləyib.

Xatırladaq ki, “Füzuli” ilk matçında “Cəbrayıl”a 2:4 hesabı ilə uduzduğu halda, “Xocavənd” bu komandanı da yenib – 6:0.

Növbəti qarşılaşma B qrupunda “Suqovuşan” və “Xocalı” komandaları arasında gerçəkləşib. 2:1 hesablı qələbə qazanan “Suqovuşan” yarımfinala adlayıb. Komanda ilk görüşündə “Şuşa” kollektivini 9:1 hesabı ilə yenib, “Xocalı” isə eyni rəqibi 7:1 hesabı ilə məğlub edib. Matçı gənclər və idman naziri Fərid Qayıbov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev izləyib.

Günün üçüncü qarşılaşmasında C qrupunda “Laçın” və “Qubadlı” komandaları üz-üzə gəlib. Oyunu fəxri qonaqlar qismində Milli Məclisin deputatı Cavid Osmanov və veteran futbolçu Novruz Əzimov izləyərək, topa ilk rəmzi toxunuş edib.

“Laçın” 3:2 hesablı qələbə qazansa da, “Qubadlı” daha üstün top fərqinə görə, mərhələ adlayan tərəf olub. İlk turda “Laçın” “Kəlbəcər”ə 0:2 hesabı ilə uduzubsa, “Qubadlı” qalib gəlib – 4:0.

Nəhayət, günün son oyununda D qrupunda “Zəngilan” və “Xankəndi” komandaları qarşılaşıb. Fəxri qonaqlar Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, tanınmış jurnalist Qulu Məhərrəmli və məşhur şahmatçı Zeynəb Məmmədyarova olub. “Xankəndi” 9:0 hesabı ilə qalib gəlsə də, daha üstün top fərqinə malik “Ağdam” yarımfinala çıxıb.

Əvvəlki oyunlarda “Zəngilan” “Ağdam”a 0:10 hesabı ilə uduzubsa, “Xankəndi” bu komanda ilə heç-heçə edib – 2:2.

Zəfər kuboku

22 may

A qrupu

“Füzuli” – “Xocavənd” 0:9

Qollar: Sərxan İbrahimoğlu (6), Ümid Süleymanov (2), Tural Məmmədli

B qrupu

“Suqovuşan” – “Xocalı” 2:1

Qollar: İlkin Əhmədov, Nurşən Quliyev – Vəfadar Əliyev

C qrupu

“Laçın” – “Qubadlı” 3:2

Qollar: Məğrur Salmanov (2), Akif Ulucay – Elcan Məmmədli, Rəşad Şükürov

D qrupu

“Zəngilan” – “Xankəndi” 0:9

Qollar: Rüstəm Allahverdiyev (4), Məsim Məsimzadə (4), Emin Səfərov

Mayın 28-də keçiriləcək yarımfinal oyunlarında “Xocavənd” “Qubadlı” ilə, “Ağdam” “Suqovuşan”la görüşəcək.

Bombardirlər: Sərxan İbrahimoğlu (“Xocavənd”) – 9, Nurşən Quliyev (“Suqovuşan”) – 7, Məsim Məsimzadə (“Xankəndi”), Ümid Süleymanov (“Xocavənd”) – 5, Rüstəm Allahverdiyev (“Xankəndi”), Xanoğlan İmanov (“Ağdam”) – hər ikisi 4 qol. Zəfər kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu ilə gerçəkləşir.