"İsti qarşılamağa görə təşəkkür edirəm. "Neftçi" ilə oynamaq xoş idi. Səfərə görə rəqib komandanın rəhbərliyinə təşəkkür edirəm. Mübariz yoldaşlıq görüşü oldu. Məncə, azarkeşlər də oyunu bəyəndi. Hamımız razı qaldıq. Yalnız oyunçumuz zədələndi. Amma hamı üçün yaxşı oyun praktikası oldu. Gənc oyunçulara özünü göstərmək üçün imkan verildi".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Zenit" klubunun baş məşqçisi Sergey Semak "Neftçi"yə Bakıda 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Bakı təmsilçisi rusiyalı futbolçusu Reziuan Mirzovun sözügedən matçda dubl etməsinə münasibət bildirib: “İkinci qol çox gözəl alındı. Buna görə, Reziuanı təbrik edirəm. Gənc futbolçularımız həmin anda bunun qarşısını ala bilmədilər”.
Mütəxəssis Rusiyada legioner həyat yaşayan və bu gün vida matçına çıxan Ruslan Abışov haqda bunları söyləyib: "Futbolçu elədir ki, vaxt gəlir karyeranı bitirirsən. Azarkeşlər Ruslan Abışovun qolları və ötürmələri ilə xatırlayacaq. Bakı səfərinə gəlincə, bu lap çoxdan olub. Bu barədə nəsə demək çətindir. Bakıya həmişə böyük məmmuniyyətlə gəlirəm."
O, “Neftçi” ötən mövsüm Azərbaycan Premyer Liqasında 3-cü yeri tutduğunu xatırladıb: "Azərbaycanın ən populyar klublarından biridir. “Neftçi” və “Qarabağ” çox güclü klublardır. Digər klublar da güclənir. Azərbaycan millisinin son nəticələri ölkə futbolunun inkişafından xəbər verir. Bizdə və Azərbaycanda legioner baxımından qaydalar oxşardır. “Neftçi” ambisiyalı, güclü komandadır, avrokuboklarda çıxış edir. Belə klublarla əməkdaşlıq etmək bizim üçün xoşdur”.
S.Semak Rusiya və Azərbaycan klublarının yay fasiləsində beynəlxalq turnirdə qarşılaşması ideyasını dəstəkləyib: Yaxşı ideyadır. Hər bir klublar hazırlıq dönəmində yaxşı rəqiblər axtarır. Mən buna razıyam. Yayda keçirilmiş "Matç TV" kuboku da yaxşı səviyyədə keçirildi. Azərbaycan və digər ölkələrin klublarını ölkəmizdə görmək xoşdur".