"Bu ilin bunun çətinliyini həm kubokda, həm də çempionatda yaşadıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri ABL-nin 1/4 finalında "Abşeron"a məğlub olaraq mübarizəni dayandıran "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen komandanın cari mövsümkü performansını dəyərləndirərkən səsləndirib.
Türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Jermain Marrounun gedişinin komandaya böyük təsir göstərdiyini açıqlayıb:
"İlk olaraq rəqibimizə yarımfinalda uğurlar diləyirəm. Bizim üçün bu il mövsüm erkən başa çatdı. Buna görə çox məyusuq. Təəssüf ki, normal mövsümdə göstərdiyimiz performansı pley-off mərhələsində sərgiləyə bilmədik. Komandanı Marroudan öncə və sonra şəkilində dəyərləndirmək lazımdır. Onun komandadan ayrılması bütün oyun planlarımızın dəyişməyinə səbəb oldu. Təəssüf ki, onun yerinə eyni keyfiyyətdə başqa bir basketbolçu qoya bilmədik. Ancaq onun yoxluğunda da yaxşı yerlərə gəldiyimizi düşünürəm. Lakin bu cür pley-off oyunlarından onun kimi lider və xüsusi basketbolçuya ehtiyac var. Bu ilin bunun çətinliyini həm kubokda, həm də çempionatda yaşadıq. İki ildir bu klubdayam və hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Çox dəyərli oyunçular, məşqçilər və rəhbərlərimizlə işlədim. Hamımız birlikdə klubu yaxşı yerlərə gətirməyə çalışdıq. Amma bu mövsüm istədiyimiz kimi olmadı".



