Komandasının son oyununu dəyərləndirən baş məşqçi Bedri Meriç görüşdən sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, rəqibi təbrik edərək onların yeni transferlərdən sonra daha güclü komanda halına gəldiyini bildirib:
“Rəqibimizi təbrik edirəm. Məncə, yeni transferlərindən sonra yaxşı komanda olublar. Bizə gəlincə, artıq iki turdur ki, bərbad müdafiə olunuruq. Təəssüf ki, planlarımızı meydanda tətbiq edə bilmirik. Bu gün də rəqibin bildiyimiz cəhətlərinin qarşısını ala bilmədik. Halbuki bunlar üzərində oyundan öncə məşq keçmişdik”.
Baş məşqçi müdafiədə problemlərin davam etdiyini və dəyişikliklərin vacib olduğunu qeyd edib:
“Müdafiədə daha aqressiv olmalı və bəzi şeyləri dəyişməliyik”.
Meriç, həmçinin, komandanın kapitanı Samir Stüartın son periodda zədələndiyini açıqlayıb:
“Onun durumu barədə dəqiq məlumatım yoxdur. Xəstəxanada baxılacaq. Ümid edirəm ki, ciddi zədəsi yoxdur. Çünki bizi çətin təqvim gözləyir”.
Baş məşqçi qarşıdakı oyunlarla bağlı da danışıb:
“Çərşənbə günü ‘Neftçi’ ilə təxirə salınmış matça çıxacağıq, şənbə günü isə ‘Gəncə’ ilə qarşılaşacağıq. Daha sonra Bakıda ‘Abşeron Layns’la oyunumuz olacaq. Xüsusən evdə keçirəcəyimiz ilk iki matçda qalib gəlməyimiz lazımdır”.



