"Bu tip oyunlar məhz yaxşı mübarizə aparıb sona qədər oynadıqda qalib gəlinir". 

Offsideplus.az xəbər verir ki, bu sözləri ABL-nin 1/4 finalında "Naxçıvan"ı mübarizədən kənarlaşdıran "Abşeron"un baş məşqçisi Erhan Toker söyləyib. Türkiyəli mütəxəssis qələbəni belə şərh edib:

"Play-in"dən etibarən çox yaxşı mübarizə aparırıq. Burada işimiz çətin idi. İlk oyunu uduzmuşduq. Bu qələbə asan başa gəlmədi. Oyunçularımı təbrik edirəm. Konsentrasiyalarını itirmədilər. Sona qədər mübarizə apardılar. Bu tip oyunlar məhz yaxşı mübarizə aparıb sona qədər oynadıqda qalib gəlinir. Oyunçularım da belə etdi. Bir-birimizə yardım elədik. Hər hansı gərgin məqamda da pozitiv olmağa çalışdıq. Sonunda bacardıq. Oyunun gedişində Aubri Makalpaynı tez itirdik. Cəzalı duruma düşdü. Bunun əvəzində Lari Robinsonun çox böyük qatqısı oldu. Hazırda çox yorğunuq. Yarımfinalın ilk oyununa qədər məsafə azdı.  Dincəlib və dərhal növbəti oyuna hazırlaşacayıq. Sonda rəqibi də təbrik edirəm. Çox gözəl 3 oyun sərgilədilər. 

Mütəxəssis yarımfinalda rəqib olduqları "Neftçi" ilə oyunu dəyərləndirib:

"Biz kubokun qalibini məğlub etdik. Daha sonra müntəzəm mövsümün 2-cisini sıradan çıxardıq. Onlarla matçlarda favorit deyildik. Yarımfinalda da favorit deyilik. "Neftçi" mövsümə pis başlamışdı, amma  çox yaxşı davam etdilər. Hazırda da yaxşı formadadılar. Hər zaman dediyim kimi, bacardığımız qədər ən yaxşı oyunumuzu göstərməyə çalışacayıq. Mərhələni keçməyə çalışacayıq.  Biz favorit olmadığımızdan psixoloji olaraq rahat olacayıq".