Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis, 3x3 basketbol yarışlarının meneceri xanım Yovana Vukoye və Basketbol Çempionlar Liqasının kommersiya direktoru Benjamin Qoute Azərbaycana səfərə gəlib.

Offsideplus.az xəbər verir ki, bu gün qonaqlarla Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və federasiyanın digər rəsmiləri ilə arasında görüş keçirilib.

Görüş zamanı ölkəmizdə 3x3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmələrin Basketbol Çempionlar Liqasında iştirakı məsələləri geniş müzakirə olunub.

Tərəflər Azərbaycanın peşəkar basketbol klublarının növbəti mövsümlərdə beynəlxalq arenalarda intensiv iştirakının vacibliyini vurğulayıb, bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə Azərbaycan Basketbol Liqasının mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirəyə çıxarılıb.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.