"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Macarıstanın "Ferentsvaroş" klubu oldu.
Macarıstan klubu 1899-cu ildə yaradılıb. "Yaşıllar" ölkə çempionatını ən çox qazanan komandadır - 36.
Onlar son 7 çempionatın da qalibidir. 24 dəfə isə ölkə kubokuna sahib olublar.
Bir sözlə, Macarıstan futbol tarixində ən titullu klubdur.
"Ferentsvaroş" avrokuboklarda da uğurlu çıxış edə bilib.
Onlar 1975-ci ildə Kuboklar Kubokunda finala yüksəlib. Burada isə Kiyev "Dinamo"suna 3 cavabsız qolla məğlub olub.
1971-ci ildə isə UEFA Kubokunda yarımfinala yüksəlməyi bacarıblar.
"Ferentsvaroş"un heyətində sabiq "Qarabağ"lı Julio Romao da yer alır. Eyni zamanda hazırda "köhlən atlar" da olan Kadi Borges və "Neftçi"də çıxış etmiş Mateus Saldanya da bir dönəm Macarıstan klubunun formasını geyinib.
"Liverpul"dan yaxşı tanıdığımız Nabi Keyta da "yaşıllar"ın oyunçusudur.
Romao və Keytadan başqa komandanın 1-ci kapitanı Deneş Dibus və 2-ci kapitanı Barnabaş Varqa da Macarıstan yığmasının əsas üzvlərindəndi.
"Yaşıllar"ı bu ilin yanvarından etibarən Robbi Kin çalışdırır. O, bu postda niderlandlı Paskal Yanseni əvəz edib.
Müxtəlif dönəmlərdə Sergey Rebrov, Stanislav Çerçesov və Deyan Stankoviç kimi mütəxəssislər burada çalışıb.
Kin dönəmində "Ferentsvaroş" 32 oyunda 20 qələbə qazanıb və yalnız 4 dəfə məğlub olub.
Onlar cari mövsüm Çempionlar Liqasında əvvəlcə "Nuh"u (Ermənistan), daha sonra isə "Ludoqorets"i (Bolqarıstan) mübarizədən kənarlaşdırıb.
"Ferentsvaroş" matçlarını tutumu 23 min 700 olan eyniadlı stadionda keçirir.
"Ferentsvaroş" stadionu "Qarabağ"a yaxşı tanışdır. Ağdam təmsilçisi 3 il öncə ilk matçda Bakıda 1:1 hesabı ilə heç-heçə etsə də, cavab matçında bu stadionda "yaşıllar"ı 3:1 hesabı ilə məğlub etməyi bacarmışdı.
Komandalar 3 il aradan sonra yenə Çempionlar Liqasında, üstəlik bu dəfə pley-off mərhələsində üz-üzə gələcək.
Ötən dəfəkindən fərqli olaraq bu dəfə ilk oyun Macarıstanda keçiriləcək.
Təmsilçimiz "Ferentsvaroş" səddini aşarsa, tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.



