“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Paris Sen-Jermen (PSJ) ilə cavab oyununda komandasının daha yaxşı çıxış edə biləcəyinə inanır.
Offsideplus.az xəbər verir ki, ilk görüş 3:1 hesabı ilə Paris təmsilçisinin xeyrinə başa çatıb. Emeri oyundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında bunları deyib:
“Üçüncü buraxılan qol bizim cavab oyunundakı yanaşmamıza təsir etməyəcək. Hesab 2:1 olsaydı da, fərq etməzdi. Onlar favoritdir, topa nəzarətdə üstün oldular, sürətli cinah oyunçuları və çevik yarımmüdafiəçiləri var. Amma növbəti həftə biz daha yaxşı oynaya bilərik”.
Qeyd edək ki, PSJ və “Aston Villa” arasında ilk oyun 9 aprel tarixində Parisdə, “Park de Prens” stadionunda keçirilib. Qarşılaşmanı italiyalı hakim Mauritsio Mariani idarə edib. PSJ 3:1 hesablı qələbə ilə üstünlük əldə edib.
Əvvəlki mərhələdə PSJ İngiltərə nəhəngi “Liverpul”u penaltilər seriyasında 4:1 hesabı ilə mübarizədən kənarlaşdırıb. “Aston Villa” isə Belçika təmsilçisi “Brügge” üzərində ümumi 6:1 hesabı ilə qələbə qazanaraq 1/4 finala vəsiqə qazanmışdı.