Təcrübəli qrossmeyster Şəhriyar Məmmədyarov UEFA Çempionlar Liqasının keçif pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Nyukasl" qarşılaşması barədə nikbin proqnozlar verib.

Offsideplus.az xəbər verir ki, bu barədə Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

O, bildirib ki, İngiltərə təmsilçisinin aşkar favorit olmasına və zəngin təcrübəsinə baxmayaraq, "Qarabağ"ın şanslarını heç də az hesab etmir. Rəqibin bu il qeyri-sabit oyun nümayiş etdirdiyini vurğulayan Məmmədyarov, Ağdam klubunun "Benfika", "Ayntraxt" və "Çelsi" kimi nəhənglərlə oyunlardakı əzmkar çıxışlarını xatırladaraq, təmsilçimizdən hər an gözlənilməz nəticə gözlədiyini qeyd edib.

Şəhriyar turnir qrafiki imkan verərsə, bu çətin sınaqda stadiona yollanaraq komandaya dəstək olmaq istədiyini də əlavə edib. Ötən ay atası ilə birlikdə "Ayntraxt"a qarşı keçirilən möhtəşəm qələbə matçını canlı izlədiyini deyən qrossmeyster, kəskin soyuq havaya rəğmən son dəqiqəyə qədər stadionda qaldıqlarını və həmin anların unudulmaz olduğunu vurğulayıb.

Xatırladaq ki, "Qarabağ" və "Nyukasl" arasında ilk qarşılaşma fevralın 18-də saat 21:45-də Bakıda, cavab oyunu isə fevralın 24-dən 25-nə keçən gecə saat 00:00-da İngiltərədə baş tutacaq.