Azərbaycan Basketbol Liqasının VII turu üzrə "Sumqayıt"a qarşı oyundan (99:116) sonra "Naxçıvan"ın basketbolçusu Dom Keyes Offsideplus.az-a müsahibə verib. 

Müsahibəni təqdim edirik:

– Oyun necə keçdi?

– Birinci hissə çətin idi. Rəqib nə atsaydı, düşürdü. Amma bizim hədəfimiz birlikdə qalmaq idi. Müdafiə konseptimizi dəyişdik ki, onların rahat zonalara düşməsinin qarşısını alaq və topu daha az alsınlar. Çətin olsa da, müdafiədə birləşdik, fokuslandıq və sonunda işi yoluna qoyduq.

– 31 xal topladın. Bu performansın sirri nə idi?

–  Açığı, bu mənim komanda yoldaşlarımın sayəsində oldu. Açıq qaldığım anlarda məni tapdılar, oyuna saldılar. Onlarsız bunu edə bilməzdim. Bütün kredit komandama məxsusdur.

– Naxçıvan bu il nəyi hədəfləyir?

– Düşünürəm ki, birinci yerə yüksəlmək şansımız böyükdür. Bəli, lider komandaya iki dəfə uduzmuşuq, amma onlarla daha iki dəfə qarşılaşacağıq. Öz oyunumuzu inkişaf etdirməyə davam etdikcə, növbəti görüşə tam hazır olacağıq.

– A qrupu komandalarına nə demək istərdin?

– Ümid edirəm ki, bir gün sizinlə oynamaq qismət olar. Oyun olarsa — sizə uğurlar, çünki biz gəlirik.