Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının ilk dəfə qatılacağı FIBA Çempionlar Kuboku üçün heyəti və oyunlarının vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, ikinci dəfə təşkil edilən turnirdə ölkəmizi Arika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzerdən ibarət heyət təmsil edəcək.

B qrupunda yer alan milli komanda ilk oyun günündə, martın 13-də Kanada və Tayland seçmələri ilə qarşılaşacaq. Bu görüşlər müvafiq olaraq saat 13:20 və 16:05-də start götürəcək. Martın 14-də isə yığmamız qrupdakı növbəti rəqibi İspaniya ilə saat 12:30-da üz-üzə gələcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027 və FIBA 3x3 Dünya Kuboku 2027-yə birbaşa vəsiqə əldə edəcək. Bundan əlavə, çempion komanda 2028-ci il Olimpiya Oyunları üçün keçiriləcək Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.