"Sumqayit"ın amerikalı legioneri Keon Klerqot klubun mətbuat xidmətinə müsahibəsində cari mövsümdəki yüksək məhsuldarlığı və hədəfləri barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Təcrübəli oyun qurucusu NTD və "Guba" ilə matçlarda ümumilikdə 50 xal toplamasını komanda maraqları ilə əlaqələndirib:
"Mənim məhsuldarlığım komandaya fayda verirsə, bunu davam etdirməyə çalışıram. Hər şeyi "Sumqayıt" üçün edirəm".
Azərbaycan Basketbol Liqasında çıxış edən digər amerikalı basketbolçulardan daha çox xal toplamasının sirrini açıqlayan Klerqot, bunun gərgin məşqlərin bəhrəsi olduğunu bildirib:
"Hər məşqdə ən azı 30 dəfə uzaq məsafəli atış və orta məsafəli zərbələr üzərində işləyirəm. Bu, işimi asanlaşdırır. Açığı, mənim qarşımı kəsmək mümkün deyil!"
Hər matçdan əvvəl rəqiblərin müdafiə sistemini xüsusi təhlil etdiyini deyən basketbolçu, karyerasının ən məhsuldar dövrünü Azərbaycanda keçirdiyini vurğulayıb: "Slovakiyada rekordum 36 xal idi, lakin heç bir yerdə burada olduğu qədər ardıcıl məhsuldarlıq nümayiş etdirməmişdim".
Sonda komandanın hədəflərinə toxunan Keon Klerqot, əsas məqsədin pley-in mərhələsini adlayaraq pley-offa yüksəlmək və orada mümkün qədər irəliləmək olduğunu qeyd edib.


