"Absheron Lions"un baş məşqçisi Erhan Toker "Gəncə" ilə dramatik oyundan sonra matç və komandanın durumu barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, oyunu bəyəndiyini ifadə edib: “Çox gözəl bir oyun oldu. Avropada yolumuza davam etdiyimiz üçün bu matç bizim üçün əla sınaq idi. Ceyms Fraizerin olmadığı bir vaxtda nəyə qadir olduğumuzu görmək baxımından mühüm oyun idi. Kaş ki, atasının vəfatı səbəbi ilə deyil, başqa bir səbəbdən yanımızda olmazdı.
Oyuna gəlincə, zaman-zaman çox bəsit səhvlər etdik, ‘fast-break’lərdən xallar buraxdıq. Bunun üzərində daha çox işləməliyik. Rəqib çox yaxşı mübarizə apardı, izləyənlər üçün maraqlı və dolu-dolu oyun oldu.
Fraizerin olmaması, həmçinin, Kipr səfərindən sonra ölkəsinə qayıdan Arinzo Çidomun gec Bakıya dönməsi kimi amillər səbəbindən hələ də tam istədiyim səviyyədə anlaşma yoxdur. Amma səhvlərə baxmayaraq, oyunun sonunda bir yaxşı müdafiə sayəsində qalib gəldik. İndi əsas diqqətimizi Avropadakı ilk qrup oyunumuza yönəldəcəyik.”

De’ Ondre Ceksonun 31 xal toplaması barədə isə Toker belə danışıb:
“Mən onun potensialını yaxşı bilirəm. Onu həm ‘guard’, həm də ‘forvard’ kimi istifadə edirik. Bu gün məsuliyyəti üzərinə götürüb əla oyun sərgilədi.”