7 iyunda Kosovoda keçiriləcək 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində Azərbaycan yığma komandalarının rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Priştina şəhərində baş tutacaq təsnifat oyunlarında həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.

Kişilərdən ibarət yığmamız "B" qrupunda Kosovo, Malta seçmələri ilə, qadın millimiz "B" qrupunda Kosovo yığması ilə üz-üzə gələcək. Kişi millimiz qrupda ilk oyununu Bakı vaxtı ilə 21:45-də Maltaya qarşı, ikinci oyununu isə 23:35-də Kosovo yığmasına qarşı keçirəcək. Qızlarımızın isə qrupdakı yeganə oyunu saat 23:10-da Kosovo millisinə qarşı baş tutacaq. Qeyd edək ki, yalnız təsnifat mərhələsinin qalibi Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.