"Kosovo yığmasının heyətində yaxşı şut atmağı bacaran basketbolçular var. Fikrimcə, həmin oyunçulara qarşı yaxın məsafədə mübarizə aparıb, şutları rahat atmağa imkan verməsək, işimiz rahatlaşacaq. Çünki rəqib oyununun 70%-ni həmin basketbolçuların üzərində qurur".

Bu sözləri Offsideplus.az-a müsahibəsində Azərbaycanın basketbol üzrə kişilərdən ibarət milli komandasının üzvü Endar Poladxanlı deyib.

Yığmamız sabah Dünya çempionatı-2027-nin ilkin təsnifat mərhələsinin son səfər matçında Kosovo ilə qüvvəsini sınayacaq. E.Poladxanlı matçın çətin keçəcəyini düşünür: "Bir il öncə kosovolulara qalib gəımişik. Təbii ki, onlar Bakıdakı məğlubiyyətin revanşını almaq istəyəcəklər. Ümumiyyətlə, Kosovo səfəri həmişə çətin olub. Azarkeşlərdən güclü dəstək alırlar. Ona görə də Kosovonun ev və səfər oyunları bir-birindən kəskin fərqlənir". 

Növbəti mərhələyə çıxmaq şanslarını dəyərləndirən 26 yaşlı basketbolçu tarixi uğur qazanq ehtimalının qaldığını söyləyib: "Qrup mərhələsini keçmək üçün riyazi şanslarımız var. Ancaq təəssüf ki, hər şey bizdən asılı deyil. Kosovo və İrlandiyanı mütləq məğlub etməliyik. Bununla yanaşı, Kosovonun İsveçrə üzərində qələbəsinə ümid etməliyik. Yalnız bu halda qrupdan çıxa bilərik".