Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Tahir Baxşıyev Dünya çempionatı-2027-nin ilkin təsnifat mərhələsi çərçivəsində Kosovo (20 fevral) və İrlandiyaya (23 fevral) qarşı oyunlardan öncə Offsideplus.az saytına müsahibə verib
- Tahir müəllim, artıq Bakıdakı təlim-məşq toplanışı yekunlaşıb. Komandanın qarşıdakı oyunlara hazırlığını necə qiymətləndirirsiniz?
- Hazırlıq çox yaxşı keçdi. Sevindirici haldır ki, heyətdə zədə və ya digər səbəbdən itki yoxdur. Azərbaycan Basketbol Federsiyasının rəhbərliyi təlim-məşq toplanışının yaxşı keçməsi üçün bütün şəraiti yaratmışdı. Buna görə federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Uşaqların əhval-ruhiyyəsi yüksəkdir.
- Kosovo yığması haqqında kifayət qədər məlumat toplaya bilmisinizmi? Rəqibdə ehtiyat etməli olduğumuz cəhətlər hansılardır?
- Bəli, Kosovo komandası barədə əlimizdə məlumatlar yetərincədir. Videolarına baxmışıq. Onların heyətində ustalıq səviyyəsi yüksək olan basketbolçular var. Şuta üstünlük verən oyunçulara malikdirlər. Rəqibi təhlil edib, hansı taktika ilə oynayacağımızı, necə müdafiə olunacağımızı müəyyənləşdirmişik.
- Bu matç Kosovo üçün revanş xarakteri daşıyır, onlar ötənilki məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. Yəqin ki, rəqibin güclü azarkeş dəstəyi olacaq. Psixoloji cəhətdən yetirmələrinizi necə hazırlaşdırmısınız?
- Milli komandamızın üzvləri peşəkardırlar, belə qarşılaşmalara, təzyiqə hazır olmalıdırlar. Əlbəttə, yerli azarkeş faktoru Kosovonun lehinə işləyəcək. Ancaq biz buna fikir verməməliyik. Diqqəti öz oyunumuza yönəltməliyik.
- Yığmamızın növbəti təsnifat mərhələsinə çıxmaq şansları nə qədərdir?
- Şansımız 50/50-yədir. Qrupumuzda İsveçrə demək olar, 1-ci yeri özünə təmin edib. İkinci pillə uğrunda bizi İrlandiya və Kosovo ilə mübarizə gözləyir. Hər 3 kollektivin növbəti mərhələyə yüksəlmək şansı qalır. Bu səbəbdən həm Kosovo, həm də İrlandiyaya qarşı oyunlar bizim üçün vacib sayılır.