Azərbaycanda yaxın vaxtlarda qolf üzrə dünyaca məşhur turnirlər keçiriləcək.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan Qolf Federasiyasının İdarə Heyətinin üzvü, milli komandanın qolfçusu Tural Vəlizadə deyib.

Federasiya rəsmisi son dövrlərdə ölkəmizdə bir neçə turnirin keçirildiyini də bildirdi:

"Son zamanlar "Dreamland Golf Club"da 2-3 aydan bir yarışlar baş tutur və bu, davamlı hal alacaq. Belə ki, dünyanın ən məşhur turnirləri - "Lexus Trophy", "Max Royal", "Turkish Airlines" qarşıdakı müddətdə Azərbaycanda açıq çempionat təşkil edəcək. Həmçinin Qazaxıstanda və Türkiyədə yarışlar olacaq. Onu da qeyd edim ki, iyulun 23-də Şimali İrlandiyada uşaqlar arasında Çempionlar Çempionu turniri keçiriləcək və Azərbaycan orada təmsil olunacaq".

Vəlizadə hazırda qolfa marağın azaldığını müşahidə etdiyini qeyd etdi:

"Yaydır deyə, qolfla məşğul olan həvəskar və normal səviyyədə olan insanların sayında azalma müşahidə olunur. Bu da başadüşüləndir. Bəziləri ölkədə deyillər. Lakin insanlar daha çox axşamüstü və səhər saatlarında qolf arenalarına gəlirlər".

Mütəxssis çətinliklərdən də bəhs etdi:

"Hazırda əsas məqam qolf mütəxəssislərinin az olmasıdır. Saylarında artım müşahidə edilmir. Əlavə olaraq, regonlarda təlim-məşq arenalarının tikilməsinə ehtiyac var. Bu gün qolfun Azərbaycanda inkişafı üçün böyük şəhərlərdə arenalar tikilməli, yerli mütəxəssislər hazırlanmalı və insanlar bu idman növünə cəlb edilməlidir".