Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olmuş idmançılarla görüşüb.

Offsideplus.az xəbər verir ki, görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, yarışa qatılmış MUROV AZ TERMİNAL, AZERRAIL klublarının voleybolçuları, menecer və baş məşqçiləri, həmçinin federasiyanın digər əməkdaşları iştirak ediblər.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən Şahin Bağırov çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olmuş MUROV AZ TERMİNAL klubunun kollektivini təbrik edib. O, yarışda mübarizə aparmış və bir neçə mərhələ adlamış qadınlardan ibarət AZERRAIL komandasının oyunçularına da uğurlu çıxışlarına görə təşəkkürünü bildirib.

Təmsilçilərimizin qitənin ən güclü 10 ölkəsinin komandalarına qarşı əzmkar oyun göstərdiklərini söyləyən Ş.Bağırov bu nəticələrin ölkə voleybolu üçün önəmli olduğunu əlavə edib. AVF prezidenti qazanılan uğurda hər bir kəsin böyük əməyinin olduğunu qeyd edib. Qısa vaxtda əldə olununan bu uğura görə hərkəsi təbrik edib. Federasiya rəhbəri MUROV AZ TERMİNAL klubunun adına layiq çıxış etdiyini vurğulayıb: “Murov bizim ən uca zirvələrimizdəndir və bu gün bu adı daşıyan MUROV AZ TERMİNAL klubu çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda bayrağımızı ən uca zirvədə dalğalandırdı”.

Voleybolumuzun bütün istiqamətlərdə inkişafının vacibliyini vurğulayan Ş.Bağırov bununla bağlı bir çox işlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, görülən bu işlərdə məqsəd də məhz belə nailiyyətlərin qazanılmasıdır. O, bundan sonra da qələbələrimizin sayının çox olacağına, klublarımızın, yığma komandalarımızın Avropa, dünya arenalarında uğurla çıxış edəcəklərinə əminliyini ifadə edib və hər bir voleybolçuya, mütəxəssisə uğurlar arzulayıb.

Sonra vitse-prezidentlər, baş katib və İdarə heyətinin üzvləri idmançılarımızın uğurlu çıxışı və qazanılan qələbə münasibətilə hər kəsi təbrik ediblər. Bu uğurların əsasının məhz ölkə çempionatlarından başlandığını, beynəlxalq arenada qazanılan qələbənin son bir neçə ayda ölkəmizdə keçirilən çimərlik voleybolu üzrə yarışların nəticəsi olduğu bildirilib. Qeyd olunub ki, hər kəsin ürəyi bir məqsəd üçün döyünəndə böyük qələbələr də qazanılır və bu nailiyyət məhz voleybolçuların, mütəxəssislərin birliyini nümayiş etdirir.

Tədbirdə çıxış edən məşqçilər və oyunçular göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıq bildiriblər. Sonra komandaların baş məşqçiləri idmançıların çıxışlarını dəyərləndirib, onlara gözəl mübarizə apardıqlarına görə təşəkkür ediblər.

Tədbirin sonunda Avropa Kuboku və çempionların imzası olan top AVF prezidentinə təqdim olunub. Xatirə şəkli çəkilib.